XƏBƏRLƏR

Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq çərçivəsində növbəti onlayn seminar təşkil olunub

FEVRAL 06, 2026

Azərbaycan-Türkiyə Enerji Forumunun “Bərpa olunan enerji” üzrə İşçi qrupunun təşəbbüsü ilə Türkiyənin Enerjidə Rəqəmsallaşma Dərnəyi (EDİDER) mütəxəssisləri tərəfindən “Bərpa olunan enerji sahəsi üzrə rəqəmsallaşma” mövzusunda vebinar keçirilib. Bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) məlumat verib.

Tədbirin açılışında BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev iştirakçıları salamlayıb, seminarın təşkilinə görə türk həmkarlarına təşəkkürünü bildirib. O, bu formatda tədbirlərin gələcəkdə də müvafiq qurumların iştirakı ilə davam etdiriləcəyini qeyd edib.

Daha sonra İşçi Qrupun həmsədri, Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan çıxış edərək, Azərbaycan-Türkiyə enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb və tədbirin məqsədləri haqqında məlumat verib.

Seminarın əsas hissəsində EDİDER təmsilçiləri mövzuya dair təqdimatlar ediblər. “Enerjidə rəqəmsallaşma strategiyaları” mövzusunda Deloitte CSO & EDİDER direktoru Elif Düşmez Tek, MRC Türkiye-nin Genel Müdürü və EDİDER YK üzvü Mehmet Kocaoğlu, həmçinin EDİDER-in Başkan Yardımcısı Alper Terciyanlı geniş çıxışlar ediblər.

Vebinarda aidiyyəti qurumların 70-dən çox nümayəndəsi iştirak edib. Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, 5-6 fevral tarixlərində planlaşdırılan seminar növbəti gün də davam edəcək – yeni təqdimatlar və müzakirələr nəzərdə tutulub. Bu tədbir iki ölkə arasında bərpa olunan enerji sektorunda rəqəmsal transformasiya və innovativ yanaşmaların paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir.

https://renewables.az/az/news/enerji-sektoru-zr-r-q-msalla-ma-m-vzusunda-vebinar-ke-irilib