XƏBƏRLƏR

Milli Məclis minimum əmək haqqının məbləğinə ildə ən azı bir dəfə baxılması barədə qanun qəbul edib

FEVRAL 04, 2026

Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə ən azı bir dəfə yenidən baxılacaq.

Bu barədə Oxu24.com məlumat verib.

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında həmin qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Qeyd olunub ki, minimum əmək haqqı işçilərin minimum yaşayış səviyyəsini təmin etmək məqsədi daşıyan və dünyada sosial siyasətin əsas alətlərindən biri kimi qəbul edilən mexanizmdir. Bu məsələ Beynəlxalq Əmək Təşkilatı tərəfindən daim diqqətdə saxlanılır. Dünya Bankı Qrupunun “Business Ready” hesabatında minimum əmək haqqının dövri yenilənməsinin qanunvericilikdə məcburi təsbit edilməməsi Azərbaycanın bal itirməsinə səbəb olan məqamlardan biri kimi göstərilib.

Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrası çərçivəsində Əmək Məcəlləsinə dəyişiklik edilməsi zərurəti yaranıb və müvafiq qanun layihəsi hazırlanaraq parlamentə təqdim olunub.

Layihənin qəbulu minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və “Business Ready” hesabatında qeyd olunan bal itirmə səbəbini aradan qaldıracaq.

Geniş müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

https://oxu24.com/az/cemiyyet/151801/sad-xeber-milli-meclis-minimum-emek-haqqi-ile-bagli-muhum-deyisiklik-etdi