“Azərişıq” ASC paytaxtda, regionlarda və işğaldan azad edilmiş ərazilərdə elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.
Qurumun məlumatına görə, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan yenidənqurma tədbirləri Cəbrayıl rayonunu da əhatə edib. Rayon işğaldan azad olunduqdan dərhal sonra “Azərişıq” ASC tərəfindən operativ işlər görülərək 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin edilib. 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl şəhərində 35/0,4 kV-luq Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub və 2023-cü il sentyabrın 28-də dövlət başçısı tərəfindən istifadəyə verilib.
Məskunlaşma aparılan Horovlu kəndinin elektrik təchizatı üçün ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, 35 kV-luq Paylayıcı Qurğu (PQ) inşa olunub və kənddə 6 ədəd müasir tipli 35/0,4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Fərdi yaşayış evləri smart sayğaclarla təchiz edilib.
Şəhər ərazisinə köç edən sakinlər üçün Baş Plana uyğun olaraq əlavə 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsi (TM) tikilib istismara verilib, smart sayğaclar quraşdırılıb və 0,4 kV-luq yeraltı xətlər çəkilib. Yaxın gələcəkdə köç planlaşdırılan Soltanlı, Fuğanlı, Mərcanlı, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi istiqamətində metal dayaqlar quraşdırılıb, ikidövrəli 35 kV-luq ÖİN-3 xətləri çəkilib.
Rayonun Horovlu, Şükürbəyli, Xudafərin, Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxulu yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunub.
“Azərişıq” ASC Xankəndi şəhərinin də elektrik təsərrüfatını yenidən qurur. Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il mayın 9-da “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. 3200 kVA gücündə olan “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi rayon ərazisində yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, sosial-iqtisadi infrastrukturun etibarlı və fasiləsiz elektrik təchizatını təmin etmək məqsədi daşıyır.
Xocalı şəhərində 10 ədəd müxtəlif gücdə müasir tipli KTM quraşdırılıb. Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq elektrik verilişi xətlərinin tikintisi davam etdirilir. Hazırda bu yaşayış məntəqələrinin 0,4 kV-luq daxili şəbəkəsi yenilənir.
Xocalının Şuşakənd və Xanobad kəndlərinə 35 kV-luq ÖİN-3 kabel hava xəttinin çəkilişi işləri də davam edir.
“Azərişıq” ASC vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, enerji itkilərinin minimuma endirilməsini hədəfləyərək ölkənin bütün regionlarında elektrik təsərrüfatının mərhələli yenilənməsi işlərini uğurla aparır.
https://renewables.az/az/news/az-ri-q-asc-c-bray-l-v-xank-ndinin-elektrik-b-k-sini-yenil-yir