XƏBƏRLƏR

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması üzrə ilk iclas keçirilib

FEVRAL 03, 2026

Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, İtaliyanın “CESI S.p.A” şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin nümayəndələrinin iştirakı ilə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas təşkil olunub.

Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Energetika nazirinin müavini Orxan Zeynalov çıxışında Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük bərpa olunan enerji potensialının araşdırılmasında üç ölkənin, beynəlxalq maliyyə institutlarının və məsləhətçi şirkətlərin birgə səylərinin vacibliyini vurğulayıb. O qeyd edib ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələr arasında enerji bağlantılarını gücləndirməklə strateji əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Qazaxıstan energetika nazirinin müavini Sunqat Yesimxanov və Özbəkistan energetika nazirinin müavini Ümid Mamadinov layihədən yüksək nəticələr gözlədiklərini bildiriblər. Onlar “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin regional enerji inteqrasiyası və aşağı karbonlu enerji keçidi üçün strateji əhəmiyyət daşıdığını qeyd ediblər.

İclasda məsləhətçi “CESI S.p.A” şirkəti, habelə Türkiyənin “EPRA” və Böyük Britaniyanın “JURU” şirkətləri ilə birgə həyata keçiriləcək texniki-iqtisadi əsaslandırmanın başlanğıc mərhələsi üzrə planlaşdırılan tədbirlər və müvafiq missiyanın təşkili məsələləri müzakirə olunub. Növbəti addımlar barədə razılıq əldə edilib.

Xatırladaq ki, layihənin icrası məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş əsasında “Yaşıl Dəhliz Alyansı” – Birgə Müəssisə yaradılıb. Texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI S.p.A” şirkəti beynəlxalq tenderdə qalib seçilib. Proses Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyata keçirilir.

https://report.az/energetika/socar-ile-yokogawa-europe-b-v-sirketi-arasinda-anlasma-memorandumu-imzalanib