XƏBƏRLƏR

"WindEurope" Azərbaycanın külək enerjisi potensialının inkişafına dəstək verəcək

FEVRAL 02, 2026

Azərbaycan həm quruda, həm də dənizdə külək enerjisinin inkişafı üçün çox böyük potensiala malikdir. Zəngin külək resursları və küləyin sabit sürəti ölkəni təcrübəli külək parkı developerləri üçün cəlbedici edir. Öz “yaşıl” energetikasını inkişaf etdirməklə Azərbaycan qonşu ölkələrə də karbon emissiyalarının azalmasına kömək edə bilər – məsələn, onların sənaye obyektlərinin ənənəvi yanacaqdan elektrik enerjisinə keçidi hesabına.

Bu barədə Trend-ə Avropa Külək Enerjisi Assosiasiyası – "WindEurope"un sənaye məsələləri üzrə direktoru Fil Koul müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir və daha yetkin külək enerjisi bazarlarında yol verilmiş səhvləri təkrarlamadan onlardan qaçmaq imkanı var. Bu, ölkəyə öz böyük külək potensialını daha sürətli və səmərəli şəkildə reallaşdırmağa şərait yaradır. Eyni zamanda Azərbaycan qonşu ölkələrdə külək enerjisinə marağı stimullaşdıra və regionda bu texnologiyaların inkişafında lider mövqe tuta bilər.

"WindEurope"un Xəzər regionunda külək enerjisinin inkişafına dəstək üzrə strateji prioritetləri zəngin külək və digər bərpa olunan enerji mənbələri potensialından maksimum istifadə etməyə, iqtisadi, texnoloji və ekoloji üstünlüklərin təşviqinə yönəlib", – deyə Koul vurğulayıb.

O əlavə edib ki, Azərbaycan hökuməti və sənayesi qarşısında quruda və dənizdə külək enerjisinin inkişafı üçün bir sıra mühüm vəzifələr dayanır. Bunlardan ən vacibləri layihələrin yalnız qiymətini deyil, həm də keyfiyyətini nəzərə alan səmərəli hərrac mexanizminin qurulması, dənizdə obyektlərin yerləşdirilməsi planının hazırlanması, elektrik şəbəkələrinin inkişaf strategiyasının işlənib hazırlanması və külək elektrik stansiyalarının tikintisi üçün icazə prosedurlarının sadələşdirilməsidir.

Koul qeyd edib ki, külək elektrik stansiyalarında istehsal olunan enerjinin Avropa alıcılarına çatdırılması Xəzər–Avropa “yaşıl” enerji dəhlizi və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə mümkün olacaq.

"2024-cü ilin martında "WindEurope" ilə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində biz Azərbaycanın külək enerjisi potensialının genişləndirilməsinə dəstək verəcəyik. Bu dəstək ən yaxşı təcrübələrin mübadiləsi, mümkün risklərin təhlili, quruda və dənizdə külək enerjisinin inkişafı üzrə məsləhətlər, həmçinin Avropa elektrik enerjisi alqı-satqısı müqavilələri bazarının təcrübəsinin ötürülməsi yolu ilə həyata keçiriləcək. Məhz bu bazar gələcəkdə sistemlərarası enerji dəhlizinin əsasını təşkil edəcək. Beləliklə, bizim dəstəyimiz əsasən tənzimləyici və məsləhət xarakteri daşıyacaq", – deyə Koul vurğulayıb.

O əlavə edib ki, "WindEurope" layihənin irəliləməsi üçün Azərbaycan və Aİ-də siyasətçilər, tənzimləyici qurumlar və potensial elektrik enerjisi alıcıları arasında əlaqələrin qurulmasına dəstəyini davam etdirəcək.

https://renewables.az/az/news/windeurope-az-rbaycan-n-k-l-k-enerjisi-potensial-n-n-geni-l-ndirilm-sin-d-st-k-ver-c-k