Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə təşkilatçılığı ilə keçirilən SPECA ölkələri üzrə Su, Enerji və Ətraf Mühit İşçi Qrupunun 28-ci sessiyasında iştirak edib.
BOEMDA-dan verilən məlumata görə, sessiyanın “Davamlı kiçik su elektrik stansiyaları” mövzusunda keçirilən panelində onlayn çıxış edən Rəna Hümbətova Azərbaycanda hidroenerji potensialı, son illərdə reallaşdırılan layihələr və işğaldan azad edilmiş ərazilərdə formalaşan yaşıl enerji imkanları haqqında ətraflı məlumat verib.
Bildirilib ki, hazırda ölkədə su elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 1 443,5 MVt təşkil edir. 2020-2024-cü illər ərzində hidroenerji istehsalı 2,8 dəfə artıb. İşğaldan azad edilmiş ərazilərdə “təmiz enerji” təminatının əsas istiqaməti olan su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması hədəfinə uyğun olaraq, indiyədək 307 MVt gücündə 38 stansiya istismara verilib. Qarabağ və Şərqi Zəngəzur regionlarının istismardakı su elektrik stansiyaları sayəsində il boyu xalis sıfır karbon emissiyalı zona yaradılıb.
Direktor müavini həmçinin yeni su elektrik stansiyalarının tikintisi, ekoloji standartlara riayət olunması və regional enerji əməkdaşlığının vacibliyi barədə danışıb.
https://renewables.az/az/news/speca-n-n-t-dbirind-az-rbaycan-n-hidroenerji-potensial-n-n-inki-af-diqq-t-atd-r-l-b