XƏBƏRLƏR

“ACWA Power” Azərbaycan vasitəsilə Avropaya yaşıl enerji ixracı layihələrində birgə iştirak edəcək

YANVAR 23, 2026

Xəzər-Qara dəniz-Avropa marşrutu üzrə “yaşıl enerji” ixracı layihəsi çərçivəsində yaradılan Yaşıl Enerji Dəhlizi (GECO / Black Sea Energy) birgə müəssisəsi və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti yaxın aylarda əməkdaşlıq planı hazırlayacaq.

Bu barədə “Report”a məlumat verilib.

Şirkətlərin onlayn görüşü zamanı əldə olunan razılaşmaya əsasən, hər iki tərəf əməkdaşlığın perspektiv istiqamətlərini də müzakirə edib. Oxşar danışıqlar Mərkəzi Asiya-Azərbaycan Transxəzər “yaşıl enerji” kabeli layihəsi üzrə də aparılıb.

Xatırladaq ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması barədə Anlaşma Memorandumu 25 iyul 2023-cü ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanıb.

Qara dəniz üzərindən çəkiləcək sualtı elektrik kabeli Gürcüstanı Rumıniya ilə birbaşa birləşdirəcək və Cənubi Qafqazla Cənub-Şərqi Avropanın enerji sistemlərini inteqrasiya edəcək ən iri infrastruktur layihələrindən biri olacaq. Kabelin ümumi uzunluğu 1 155 km-dən çoxdur (1 115 km sualtı, 40 km quru hissəsi), gərginliyi 525 kV, ötürücülük gücü isə 1 300 MVt təşkil edir. Layihənin tikintisinin 2032-ci ildə yekunlaşması planlaşdırılır.

Azərbaycanın Qazaxıstan və Özbəkistanla birgə yaratdığı Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi gələcəkdə Xəzər-Qara dəniz-Avropa dəhlizi ilə birləşdirilə bilər. Bu, Mərkəzi Asiyanın böyük hissəsini iki dəniz vasitəsilə Avropa ilə əlaqələndirəcək.

2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə “Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsünün birinci mərhələsinin başlanmasına dair razılığa gəliblər. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyası və Avropaya bərpa olunan enerji ixracı marşrutunun yaradılması üzrə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması barədə əməkdaşlıq sazişi imzalayıblar.

https://report.az/energetika/acwa-power-azerbaycan-vasitesile-avropaya-yasil-enerji-nin-ixraci-layihelerinin-sinerjisinde-istirak-edecek