XƏBƏRLƏR

İcbari tibbi sığorta qanununa dəyişiklik: Qeyri-formal məşğul şəxslərə keçid müddəti verildi

YANVAR 07, 2026

1 yanvar 2026-cı ildən “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər qüvvəyə minib. Yeni redaksiyaya görə, “Məşğulluq haqqında” Qanunda müəyyən edilmiş qeyri-formal məşğulluq anlayışına düşən şəxslər icbari tibbi sığortada sığortalı kimi özləri çıxış edəcəklər.

Prezidentin imzaladığı fərmana əsasən, bu kateqoriyaya aid şəxslərin müəyyənləşdirilməsi qaydalarının hazırlanması üç ay müddətində Nazirlər Kabinetinə həvalə olunub.

Qeyri-formal məşğul şəxslərin bu müddət ərzində icbari tibbi sığortadan yararlana biləcəyi ilə bağlı suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) belə cavab verib:

“Müəyyənləşdirmə qaydası təsdiq olunana qədər hazırda sistemdən istifadə edən şəxslər tibbi xidmətlərdən faydalanmağa davam edəcəklər”.

Xatırladaq ki, “Məşğulluq haqqında” Qanuna görə qeyri-formal məşğulluq dedikdə, əmək və ya mülki-hüquqi müqavilə olmadan fəaliyyət göstərmək, sahibkarlıq fəaliyyətini və ya kənd təsərrüfatı torpaqlarından istifadəni rəsmiləşdirmədən həyata keçirmək, həmçinin ailə kəndli təsərrüfatını yerli özünüidarə orqanlarında qeydiyyata almadan təşkil edərək gəlir əldə etmək başa düşülür.

Qanuna əsasən, qeyri-formal məşğulluğa aid şəxslərdən müvafiq orqan tərəfindən müəyyən ediləcək məbləğdə icbari tibbi sığorta haqqı tutulacaq. Haqqın ödənilməsi müddətləri pozulduqda 10 faiz əlavə ödəniş tətbiq olunacaq.

Əgər öhdəlik təqvim ili ərzində yaranıbsa, sığorta haqqı 12-yə bölünərək, öhdəliyin yarandığı aydan etibarən ilin sonuna qədər olan ayların sayına uyğun hesablanacaq.

https://oxu.az/cemiyyet/icbari-tibbi-sigorta-ile-bagli-qanuna-deyisiklik-issizler-ucun-mohlet-tanindi