Azərbaycanın qaz ixracı həm həcm, həm də coğrafi əhatə baxımından genişlənməkdə davam edir. İndiyədək boru kəməri vasitəsilə 11-i müntəzəm olmaqla ümumilikdə 14 ölkəyə qaz tədarük edilmişdir.
Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə məlumat verib.
“Bəzi ölkələr 2024-cü ildə bizdən qaz alıb, lakin sonradan digər mənbələrə üstünlük verərək tədarükü dayandırıb. Bu, onların tələbatından asılıdır: ehtiyac yarandıqda təchizat başlayır, olmadıqda isə fasilə yaranır. Ümumilikdə isə boru kəməri ilə qaz nəql etdiyimiz ölkələrin sayı 14-dür. Cari ildə bu siyahıya daha iki Avropa ölkəsi əlavə olunacaq və ümumi rəqəm 16-ya çatacaq. Bu, boru kəməri qazı ilə təchizatda dünya rekordudur. Heç bir ölkə Azərbaycan qədər çoxsaylı ölkəni boru kəməri vasitəsilə qazla təmin etmir. Ötən il ixrac həcmi artım potensialı ilə 25 milyard kubmetrdən çox olub”, – deyə dövlət başçısı qeyd edib.