XƏBƏRLƏR

Azərbaycanda LED lampalara keçid sürətlənir

YANVAR 06, 2026

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda enerji səmərəliliyinin yüksəldilməsi məqsədilə közərmə lampaları dövriyyədən tədricən çıxarılır.

Energetika Nazirliyinin yaydığı məlumata görə, 1 yanvar 2026-cı ildən 60 vatt və daha yüksək gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vatt (daxil olmaqla) – 60 vatt arası gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan ediləcək. Qadağa sənaye proseslərində və ya texnoloji məqsədlər üçün istifadə olunan lampalara şamil olunmur.

Nazirlik tərəfindən aparılan hesablamalara əsasən, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji sərfiyyatı, həm də maliyyə baxımından ciddi üstünlüklərə malikdir. Belə ki, 15 min saat (təxminən 7 il) ömrü olan bir LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıqlandırma səviyyəsi üçün 60 Vt-lıq közərmə lampası əvəzinə cəmi 7 Vt gücündə LED lampası kifayətdir. Nəticədə LED lampasının ümumi xərci 14,4 manat olduğu halda, közərmə lampalarında bu rəqəm 82,2 manata çatır.

Hesablamalar göstərir ki, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının illik istehlakı 131,4 milyon kVt·saat elektrik enerjisi tələb edir ki, bu da 29,1 milyon kubmetr təbii qaz sərfi və 63,6 min ton karbon qazı emissiyası deməkdir. Eyni miqdarda LED lampalara keçid isə enerji istehlakını, yanacaq sərfini və emissiyaları təxminən 8,6 dəfə azaldır. Ölkədəki 2,7 milyon məişət abunəçisinin yarısı közərmə lampalarından imtina edib LED-ə keçsə, gündəlik işıqlandırma üçün elektrik sərfi 4,86 milyon kVt·saatdan 567 min kVt·saata düşə bilər.

LED lampalar həmçinin aşağı pulsasiya səviyyəsi (1%) ilə göz sağlamlığına daha uyğundur (közərmə lampalarda bu göstərici 13%-dir). Onlar civə və digər zərərli maddələr ehtiva etmir, az istilik yayır, uzunömürlüdür və gərginlik dəyişikliklərinə qarşı davamlıdır.

Közərmə lampalarının tədricən dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid enerji səmərəliliyinin yüksəldilməsinə, vətəndaşların xərclərinin azalmasına, ətraf mühitə ziyanın minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı vərdişlərinin formalaşmasına xidmət edir. Buna görə də vətəndaşlara və müəssisələrə enerjiyə qənaət edən işıqlandırma vasitələrinə üstünlük vermələri tövsiyə olunur.

https://renewables.az/az/news/enerji-s-m-r-liliyi-siyas-tin-uy-un-olaraq-az-rbaycanda-led-lampalar-n-istifad-si-geni-l-nir