Monteneqro Azərbaycanla təbii qaz təchizatı və bərpa olunan enerji sektorunda əlaqələri daha da dərinləşdirmək niyyətindədir.
Bu barədə Monteneqronun vitse-prezidenti və xarici işlər naziri Ervin İbrahimoviç Trend-ə müsahibəsində Bakıya son səfərinin nəticələrini şərh edərkən bildirib.
“Monteneqro və Azərbaycan uzun illərdir dostluq və tərəfdaşlıq əlaqələri saxlayır. Bakıya səfərim bu münasibətlərin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı və açıq siyasi dialoqun davamı məqsədi daşıyırdı. Xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova, baş nazir Əli Əsədov və maliyyə naziri Samir Şərifov ilə keçirdiyim görüşlərdə ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu, müsbət dinamika ilə inkişaf etdiyini və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndiyini qeyd etdik”, – deyə nazir vurğulayıb.
İbrahimoviç Bakı görüşlərinin əməkdaşlığın dərinləşdirilməsi mexanizmlərini müzakirə etmək üçün qiymətli platforma yaratdığını bildirib.
“Əsas diqqət iqtisadiyyat, xüsusilə turizm, investisiyalar və enerji sahələrinə yönəldildi. Həmçinin xarici siyasətdə koordinasiya və qlobal məsələlər müzakirə olundu. Biz 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan Birgə Bəyannaməsini regional sülh və sabitlik üçün mühüm addım kimi dəstəklədiyimizi ifadə etdik.
Səfər zamanı Monteneqronun xarici siyasət prioritetlərini, o cümlədən Avropa İttifaqına inteqrasiya öhdəliyini təqdim etdim. 2026-cı ilin sonuna qədər üzvlük danışıqlarını başa çatdırmaq və 2028-ci ildə tam hazır olmaq hədəflərimizi, eləcə də Brüsseldə beş fəslin bağlanması kimi son nailiyyətləri qeyd etdim”, – deyə vitse-prezident əlavə edib.
Onun sözlərinə görə, səfər uğurlu və məhsuldar keçib, iki ölkə arasında əməkdaşlığın uzunmüddətli inkişafı üçün möhkəm zəmin yaradıb.
Monteneqronun Azərbaycan qazına marağı
“Monteneqro Azərbaycan qazının idxalına maraq göstərir və bunu enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və təchizat mənbələrinin şaxələndirilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirir. Enerji sektorunu inkişafın prioritetlərindən biri hesab edirik və qaz, eləcə də bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə hazırıq”, – İbrahimoviç qeyd edib.
O, səfər çərçivəsində enerji əməkdaşlığının gələcək addımlarının, o cümlədən sektorlararası görüşlərin təşkilinin müzakirə olunduğunu bildirib.
“Bu məsələlər yaxın vaxtlarda İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında davam etdiriləcək. Xüsusilə İoni-Adriatik Qaz Kəməri (IAP) layihəsinin önəmini vurğulamaq lazımdır. Monteneqronun 2030-cu ilədək Enerji Strategiyasında IAP qazlaşdırma üçün ən real variant kimi göstərilir.
IAP Cənub Qaz Dəhlizinin son seqmenti olaraq planlaşdırılır və “Şahdəniz” qazını TAP vasitəsilə regiona, o cümlədən Monteneqroya çatdıra bilər. Layihə Aİ tərəfindən Ümumi Maraq Layihəsi statusu alıb və güclü dəstək görür. Monteneqroda qaz infrastrukturu hələ mövcud olmadığından, IAP-nın reallaşması böyük investisiya imkanları açacaq, sabit təchizat təmin edəcək və ətraf mühitin qorunmasına töhfə verəcək”, – deyə nazir izah edib.
Yaşıl enerji sahəsində tərəfdaşlıq
“Monteneqro ilə Azərbaycan arasında yaşıl enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı çox perspektivli görürəm. Paris Sazişi öhdəliklərimizi və Aİ-yə namizəd statusumuzu nəzərə alsaq, bu sahə qarşılıqlı tamamlayıcı xarakter daşıyır. Strategiyamız enerji sektorunun dekarbonizasiyası, yaşıl keçid və Aİ-nin yaşıl kursuna uyğunlaşma üzərində qurulub”, – İbrahimoviç bildirib.
O, Monteneqronun bərpa olunan enerjiyə investisiya, enerji səmərəliliyinin artırılması və regional şəbəkələrə qoşulma planlarını qeyd edib.
“Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerji sahəsində təcrübəsi bizim üçün böyük dəyər kəsb edir. Qaz əməkdaşlığını da emissiyaların azaldılması və enerji sabitliyi baxımından vacib hesab edirik. Siyasi dialoqun intensivləşdirilməsi və konkret müqavilələrlə bu tərəfdaşlığı regional dayanıqlılıq üçün gücləndirə bilərik”, – deyə vitse-prezident əlavə edib.
Diplomatik əlaqələrin inkişafı və gələcək tədbirlər
İbrahimoviç diplomatik münasibətlərin daimi inkişaf etdiyini, ikitərəfli sazişlərlə möhkəmləndiyini vurğulayıb. Xüsusilə konsulluq əməkdaşlığı memorandumunun imzalanmasını uğurlu addım kimi qiymətləndirib.
O, çoxtərəfli platformalarda, o cümlədən BMT-də qarşılıqlı dəstəyin vacibliyini, parlamentlərarası əlaqələrin və yüksək səviyyəli səfərlərin aktivləşdirilməsi potensialını qeyd edib.
“2026-cı il Monteneqronun müstəqilliyinin 20 illiyi olacaq və bu yubiley əməkdaşlığı gücləndirəcək yeni təşəbbüslər üçün fürsət yaradacaq. Kənd təsərrüfatı, enerji və ikiqat vergitutma kimi sahələrdə sazişlərin imzalanması planlaşdırılır.
Martın birinci yarısında keçiriləcək İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası energetika, turizm, investisiya, təhsil və rəqəmsallaşma sahələrində konkret addımları müəyyənləşdirəcək”, – deyə nazir bildirib.
Həmçinin mədəniyyət, elm və birbaşa aviareyslərin inkişafı üçün potensialı vurğulayıb, ADA Universiteti ilə Diplomatik Akademiya arasındakı sazişi nümunə göstərib.
Qarşılıqlı investisiyalar
“Monteneqro Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunu alqışlayır. İnvestisiya forumunda iştirakımız bunu göstərir. Qarabağın bərpası regionda yeni imkanlar yaradır”, – İbrahimoviç qeyd edib.
Perspektivli sahələr kimi energetika, infrastruktur, yaşıl enerji, daşınmaz əmlak və turizmi sadalayıb. Portonovi kompleksini uğurlu Azərbaycan investisiyası nümunəsi kimi təqdim edib.
“Turizm sahəsində 2011-ci il sazişi baza yaradır. Azərbaycanlı turistlərin sayı durmadan artır. Birbaşa reyslər bu əlaqələri daha da gücləndirəcək. İnfrastruktur, tibbi turizm və şimal regionlarında dayanıqlı layihələrdə Azərbaycan investisiyalarını gözləyirik”, – deyə vitse-prezident əlavə edib.
O, NATO üzvlüyü və Aİ perspektivinin investisiya mühitini sabitləşdirdiyini vurğulayıb.
Azərbaycan-NATO əlaqələrində Monteneqronun rolu
İbrahimoviç Azərbaycanın NATO ilə tərəfdaşlığını yüksək qiymətləndirib, 2025-ci il noyabr səfərini mühüm hadisə kimi xatırladıb.
“Monteneqro müdafiə və mülki imkanların gücləndirilməsində, o cümlədən terrorizmə qarşı təlim mərkəzi və fövqəladə hallar proqramlarında Azərbaycanla əməkdaşlığa hazırdır”, – deyə nazir yekunlaşdırıb.
https://news.day.az/azerinews/1807325.html