Azərbaycan və Türkiyə arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından hasil ediləcək təbii qazın Türkiyəyə uzunmüddətli tədarükü ilə bağlı yeni müqavilə bağlanıb. Müqavilənin ümumi həcmi 33 milyard kubmetr təşkil edir.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Kanal 7” telekanalına verdiyi müsahibədə məlumat verib.
Sazişə əsasən, 2029-cu ildən etibarən ildə 2,25 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq və tədarük 15 il davam edərək 2040-cı illərə qədər uzanacaq.
“Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ölkəmizə çatdıracağıq”, – nazir bildirib.
Alparslan Bayraktar qeyd edib ki, uzunmüddətli müqavilələr və təchizat mənbələrinin şaxələndirilməsi strategiyası Türkiyənin enerji təhlükəsizliyini möhkəmləndirir və qazın rəqabətli qiymətlərlə alınmasına şərait yaradır.
Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 9 milyard 798,4 milyon kubmetr qaz ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur. İl ərzində isə ümumi ixrac həcmi 11 milyard 478,4 milyon kubmetrə çatıb və 2023-cü ilə nisbətən 11,9% artım göstərib.
Hazırda Azərbaycan Rusiyadan sonra Türkiyənin ikinci ən böyük qaz tədarükçüsüdür. Ölkə əsasən “Şahdəniz” yatağının “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil edilən qazla təmin olunur.
Xatırladaq ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən XX əsrin 60-cı illərində kəşf edilib və qaz ehtiyatlarının 350 milyard kubmetr olduğu təxmin edilir. Yataq üzrə 2009-cu ildə SOCAR və “Total” şirkəti arasında müqavilə imzalanıb. 2023-cü il avqustun 4-də isə ADNOC ilə 30%-lik payın alınması barədə saziş bağlanıb. Nəticədə SOCAR və “TotalEnergies”in hər birinin payı 35%-ə bərabər olub.
https://report.az/energetika/bayraktar-azerbaycanla-yeni-tebii-qaz-muqavilesi-imzalanib