Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya indiyədək 54 milyard kubmetrdən çox təbii qaz tədarük edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
“Azərbaycan qazının TAP vasitəsilə Avropaya ixracına başlanmasından 5 il keçir. Bu dövr ərzində kəmər vasitəsilə Avropaya 54 milyard kubmetrdən artıq qaz çatdırılıb. Cari ildə isə qısa və uzunmüddətli müqavilələr çərçivəsində operativ məlumatlara görə Avropaya 12,8 milyard kubmetr qaz ixrac olunub”, – nazir bildirib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP-ın hazırkı illik ötürmə qabiliyyəti 12 milyard kubmetr təşkil edir. Azərbaycan və Avropa İttifaqı arasındakı razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarükü ildə ən azı 20 milyard kubmetrə çatdırılmalıdır. Kəmərin genişləndirilməsinin birinci mərhələsində İtaliya əlavə 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq. 2021-ci ildə aparılmış bazar sınaqlarının nəticələrinə əsasən, TAP konsorsiumu 2026-cı il yanvarın 1-dək kəmərin illik ötürmə gücünü əlavə 1,2 milyard kubmetr artırmağı öhdəsinə götürüb.
TAP-ın inşası 2020-ci ilin oktyabrında yekunlaşıb. Kəmərin ümumi uzunluğu 878 km-dir: 550 km Yunanıstan, 215 km Albaniya, 105 km Adriatik dənizinin dibi və 8 km İtaliya ərazisindən keçir.
Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstana TAP vasitəsilə kommersiya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Qeyd edək ki, “Şahdəniz” yatağından hasil olunan qaz Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql edilir. Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ilk qaz 2007-ci ildə, TANAP vasitəsilə isə kommersiya qazı 2018-ci il iyunun 30-da çatdırılmağa başlanıb.
https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-tap-vasitesi-ile-avropaya-54-milyard-m3-den-cox-qaz-tedaruk-edib