Energetika naziri Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.
Görüşdə Vladanka Andreyevanın ölkəmizdəki diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycan-BMT əlaqələri, xüsusilə enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində birgə fəaliyyətin nazirliyin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı təşəbbüsləri, yaşıl enerji keçidi sahəsində ardıcıl siyasəti və qlobal iqlim proseslərində lider mövqeyi qeyd edilib. Xüsusilə COP30-da təqdim olunan və 2035-ci ilədək emissiyaların 40% azaldılmasını hədəfləyən yeni Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə (NDC) sənədi yüksək qiymətləndirilib.
Tərəflər “DİM-in 7-ci məqsədi (əlçatan və təmiz enerji) üzrə Azərbaycan Yol Xəritəsi”nin hazırlanması prosesinə də toxunublar. 2026-cı ilin aprelində Bakıda keçiriləcək UNESCAP-ın 82-ci Sessiyası çərçivəsində enerji mövzusunda yan tədbirin təşkili ilə bağlı hazırlıqlar barədə fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında “UNIDO-İƏT Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti, Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, hidrogen strategiyası, regionlararası elektrik interkonnektorları və neft-qaz sektorunun dekarbonizasiyası kimi aktual mövzular da müzakirə edilib. BMT ilə gələcək əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər nəzərdən keçirilib.
https://renewables.az/az/news/az-rbaycan-il-bmt-aras-nda-enerji-v-dayan-ql-inki-af-sah-sind-m-kda-l-q-m-zakir-olunub