XƏBƏRLƏR

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər: Əməkhaqqı necə ödəniləcək?

DEKABR 30, 2025

Son vaxtlar Əmək Məcəlləsinə təklif edilən yeniliklər əməkhaqqının ödənilməsi qaydaları ilə bağlı geniş müzakirələrə yol açıb. Təkliflərə görə, əməkhaqqı işçilərə ayda ən azı bir dəfə verilməlidir. Lakin işçi və işəgötürən arasında razılıq olduqda, aylıq maaş avans və qalan hissə şəklində iki yerə bölünərək, 16 gündən artıq olmayan intervalda ayda iki dəfə də ödənilə bilər. Bəzi şərhlərdə bu dəyişiklik ayda iki dəfə maaş ödənilməsinin məcburi olacağı kimi təqdim edilsə də, əslində bu, tərəflərin razılığı ilə mümkün olan seçimdir, məcburiyyət deyil.

Oxu.Az “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:

“Ayda iki dəfə maaş ödəmək real deyil”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, Əmək Məcəlləsinin 172.1-ci maddəsi qismən yenilənir: “Əvvəlki qaydaya görə, aylıq əməkhaqqı, bir qayda olaraq, avans və qalan hissə şəklində 16 gündən çox olmayan fasilə ilə ayda iki dəfə verilməli idi. İllik hesablanan maaşlar isə ayda ən azı bir dəfə ödənilməli idi”.

S.Məmmədov qeyd edib ki, yeni layihədə məcburiyyət aradan qaldırılır, çünki praktikada ayda iki dəfə ödəniş çətindir: “Xüsusilə büdcə təşkilatları bunu bacarmayacaq. Maliyyə Nazirliyi ayda iki dəfə ödəniş xətti açmağa icazə verməyəcək. Bu, hesabatlılıqda da çətinlik yaradır. Ona görə yeni təklifdə əməkhaqqı ayda ən azı bir dəfə verilməlidir deyilir. Razılıq olduqda isə avans və qalan hissə şəklində 16 gündən çox olmayan intervalda ayda iki dəfə ödənilə bilər. Yəni “dəyişiklikdən sonra maaş ayda iki dəfə veriləcək” kimi bir məcburiyyət yoxdur”.

“Əvvəlki qayda məcburi xarakter daşıyırdı”

Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov bildirib ki, hazırkı qaydalar məcburi idi, yeni versiyada isə könüllülük prinsipi tətbiq olunur: “Bu imkan əvvəl də var idi. Müqavilədə başqa vaxt nəzərdə tutulması qeyd edilə bilərdi. Qanunla iki dəfə verilməli idi, amma müqavilədə bir dəfə göstərilsə, ayda bir dəfə verilə bilərdi. Buna görə də əksər hallarda maaş bir dəfə ödənilirdi. Əvvəlki qayda məcburi idi, lakin alternativ də mümkün idi”.

N.Xəlilovun fikrincə, yeni dəyişiklikdə əməkhaqqı ayda ən azı bir dəfə verilməlidir deyilir: “Əslində ciddi yenilik yoxdur. Hər şey yenə razılıqdan asılıdır. İşəgötürən bir və ya iki dəfə ödəməyi özü müəyyənləşdirir”.

“İşçi üçün iki dəfə ödəniş daha yaxşıdır”

Ekspert qeyd edib ki, işçi üçün ayda iki dəfə maaş almaq daha əlverişlidir, lakin işəgötürən üçün yük artır: “Hesablamalar, bank tapşırıqları ikiqat olur. Müəssisə öz imkanlarını nəzərə almalıdır”.

O hesab edir ki, dəyişiklikdən sonra iş mühitində böyük dəyişiklik olmayacaq: “İş yükü artdığı üçün işəgötürənlər buna üstünlük verməyəcəklər. Yalnız xüsusi hallarda tətbiq oluna bilər. İstəyənlər əvvəl də bunu edə bilərdi, məhdudiyyət yox idi”.

“Gecikmə faizlə ödənilməlidir”

N.Xəlilov bildirib ki, müqavilədə göstərilən tarixdə maaş verilməzsə, işəgötürən faizlə ödəməlidir: “Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində gecikməyə görə hər gün üçün 1% əlavə ödəniş nəzərdə tutulub. İki dəfə razılaşılıb, amma bir dəfə ödənilibsə, bu gecikmə sayılır və əlavə ödəniş tələb olunur”.

“İşçilərin motivasiyasını artıracaq”

İnsan resursları eksperti Sevda Quliyeva qeyd edib ki, iki dəfə ödəniş işçilərə büdcə planlaması baxımından faydalıdır: “Ödənişləri daha asan idarə edəcəklər, bu da motivasiyaya müsbət təsir edəcək”.

Hazırda bəzi sektorlarda bu təcrübə var: “Bu, bütün şirkətlərə şamil edilə bilər”.

https://oxu.az/iqtisadiyyat/emek-mecellesine-teklif-edilen-deyisiklik-maaslar-hansi-mexanizmle-verilecek