Euronews bu il 30 illiyi qeyd olunan Bakı Enerji Həftəsinə həsr olunmuş xüsusi reportaj yayımlayıb. 2–4 iyun tarixlərində keçirilən tədbir enerji sektorunun liderlərini bir araya gətirərək qlobal enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və enerji keçidi məsələlərini müzakirə etmək üçün mühüm platforma rolunu oynayıb.
Euronews-a verdiyi müsahibədə Enerji Xartiyası Katibliyinin Baş katibinin səlahiyyətlərini icra edən Atsuko Hirose beynəlxalq əməkdaşlığın və ümumi mexanizmlərin aktuallığının önəmini vurğulayıb: “Əminəm ki, bizim saziş hələ də çox aktualdır. 2024-cü ilin dekabr ayında sənədə mühüm dəyişikliklər edilib və bu dəyişikliklərə hidrogen, ammonyak, biogen qaz, biometan, sintetik yanacaqlar, eləcə də karbonun tutulması, istifadəsi və saxlanması texnologiyaları kimi yeni sahələr əlavə olunub. Bu məsələlər 30 il əvvəl gündəmdə deyildi.”
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktorunun müavini Qauri Sinq isə 2030-cu ilə qədər bərpa olunan enerji payının üçqat artırılması üzrə qlobal səylərin kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün hər il təxminən 1.5 trilyon ABŞ dolları həcmində investisiya tələb olunur.
Sinq Çində, ABŞ-da və Avropa İttifaqında bərpa olunan enerji sahəsindəki sürətli inkişafı qeyd etsə də, inkişaf etməkdə olan ölkələr üçün maliyyəyə çıxış imkanlarının artırılmasının vacibliyini vurğulayıb.
“Qarşıdakı onillik həlledici olacaq. Məhz bu dövrdə karbon neytrallığı hədəflərinə çatmaq üçün möhkəm əsaslar qurulmalıdır. Söhbət yalnız bərpa olunan enerji payının artırılmasından getmir – həm də enerji şəbəkələrinin və bu sahəni dəstəkləyən infrastrukturun gücləndirilməsi zəruridir,” – deyə Sinq bildirib.
https://report.az/en/energy/euronews-baku-is-platform-for-global-energy-dialogue/