2025-ci il mayın 22-də "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasında bildirmişdir ki, türkdilli ölkələr Qarabağda həyata keçirilən genişmiqyaslı elektroenergetika islahatlarına böyük maraq göstərirlər. O, bu ölkələrin nümayəndə heyətlərinin yaxın aylarda Azərbaycana səfər etmələrinin gözlənildiyini qeyd etmişdir.
Araz Məmmədzadə bildirib ki, "Azərişıq" ASC-nin əsas məqsədi işğaldan azad edilmiş əraziləri qısa müddət ərzində keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə innovativ texnologiyaların, xüsusilə "ağıllı texnologiyalar"ın tətbiqi üzrə türkdilli dövlətlərlə bir neçə səfər və təcrübə mübadiləsi həyata keçirilmişdir. Bundan əlavə, həmin ölkələr "yaşıl texnologiyalar"ın tətbiqi sahəsində də təcrübə mübadiləsinin aparılmasını istəmişlər.
Qeyd edək ki, "Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə müasir elektrik infrastrukturlarının qurulması və bu sahədə qabaqcıl texnologiyaların tətbiqi istiqamətində fəal işlər aparır. Bu təşəbbüslər regionda enerji təhlükəsizliyinin və dayanıqlılığının artırılmasına yönəlib.
https://report.az/energetika/azerisiq-turkdilli-olkeler-qarabagdaki-elektroenergetika-islahatlari-ile-maraqlanirlar/