XƏBƏRLƏR

JinkoSolar Azərbaycanın 100 MVt-lıq Qobustan Günəş Enerjisi Layihəsini N-Tipli TOPCon Texnologiyası ilə Təchiz Edəcək

MAY 20, 2025

2025-ci il mayın 20-də JinkoSolar şirkəti HuanTai Energy (Universal Energy) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın Qobustan rayonunda tikiləcək 100 MVt-lıq günəş elektrik stansiyasını qabaqcıl N-tipli TOPCon fotovoltaik modulları ilə təmin edəcəyini elan edib. Bu əməkdaşlıq Cənubi Qafqaz regionunda yeni enerji təşəbbüsləri üçün nümunə olan Qobustan layihəsinin Azərbaycanın bərpa olunan enerji sahəsində inkişafında mühüm mərhələ təşkil edir.

Qobustan günəş stansiyası yüksək temperatur (yayda 45°C-yə qədər), güclü küləklər, qum və duzluluq kimi ekstremal iqlim şəraitinin hökm sürdüyü ərazidə yerləşir. Stansiya JinkoSolar-ın N-tipli TOPCon modullarının üstün texniki göstəricilərindən faydalanacaq. Bu modullar daha yüksək enerji çıxışı, bütün hava şəraitlərində yüksək performans və ümumi enerji məhsuldarlığında artım kimi üstünlüklər təqdim edir.

Modulların 85%-ə qədər bifasiallıq (ikiüzlü işləmə) qabiliyyəti sayəsində, xüsusilə yüksək albedo (əks etdirmə) mühitlərdə enerji məhsuldarlığını təxminən 3.38% artırmaq mümkündür. Həmçinin -0.29%/°C temperatur əmsalı və üçqat PID müqaviməti bu modulların ekstremal şəraitdə sabit və səmərəli işləməsini təmin edir.

Qobustan günəş stansiyası üzrə investisiya müqaviləsi 2025-ci il aprelin 22-də Azərbaycan Hökuməti ilə Çinin Universal Energy şirkətinin törəmə qurumu olan Universal Solar Azerbaijan MMC arasında imzalanıb. Hökumət layihənin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə vergi güzəştləri, torpaq ayrılması və elektrik şəbəkəsinə qoşulma sahələrində dəstək göstərəcəyini öhdəsinə götürüb.

Azərbaycanın ilk beynəlxalq tender yolu ilə həyata keçirilən günəş enerjisi layihəsi olan Qobustan stansiyası ildə təxminən 180 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək, bu da 50,000-dən çox ev təsərrüfatını təmiz enerji ilə təmin etməyə və ildə təxminən 146,500 ton CO₂ emissiyasını azaltmağa imkan verəcək. Layihə Azərbaycanın 2030-cu ilədək enerji istehsalında bərpa olunan mənbələrin 30%-lik payına nail olmaq hədəfinə uyğun olaraq həyata keçirilir və Çinin ağıllı istehsalı ilə qlobal bazarın tələbatı arasında sinerjini nümayiş etdirir.

https://renewables.az/en/news/jinkosolar-powers-azerbaijan-s-100mw-gobustan-solar-project-with-n-type-topcon-technology