“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə ACE Group Consultants şirkətinin hüquqşünasları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərara ilə təsdiq edilməsi nəzərdə tutulan “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası” layihəsinin hazırlanmasında iştirak etmişdilər.
Layihə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin II hissəsinə, “Avtomobil nəqliyyatı haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə uyğun olaraq hazırlanmışdır.
Sözügedən layihə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejimini, taxoqraflardan istifadə qaydalarını, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını təşkil edən hüquqi və fiziki şəxslərin , yerinə yetirən sürücülərin hüquqlarını, vəzifələrini və məsuliyyətini, rəqəmsal taxoqraf kartlarına dair sistemin təşkilati-hüquqi əsaslarını, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinə (servis emalatxanalarına) dair tələbləri və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydalarını, həmçinin Azərbaycan Respublikasının ərazisində taxoqraflarla təchiz olunmuş beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşları tərəfindən nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edəcəkdir.